NAĞIL – HƏYAT
Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq, düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.
Dilini bir ilə öyrəndim... nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı...
Başıma bəladır mənim öz dilim,
Dənizəm, üzümə durub sahilim.
Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı...
Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.
Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.
Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, görüm səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?
Danışma, ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər görmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.
Nadanlar görmüşəm, öz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.
Atasını söyən, yada baş əyən
Rəhbərlər görmuşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.
Quldurlar görmüşəm, özgə yer deyil,
Yurdunu talayıb, asudə yatmış.
Tacirlər görmüşəm, simuzər deyil,
“Malades” sözünə Vətəni satmış.
Dünyanı biləndən, duyandan bəri
Mənim gözlərimdən düşüb həyat da.
Nağılda gördüyüm qorxunc şeyləri,
Həyatda görmüşəm, anam, həyatda.
Yanvar, 1964 – may, 1965
ناغیل – حیات
آنام اولسان بئله، آی آنام، خئیلی،
سندن گیلئیلییم، سندن گیلئیلی...
سن دویماق، دوشونمك اؤیرتدین منه،
دویوب-دوشونمكدن آزاد اولایدیم.
دانیشماق اؤیرتدین سن اؤز كؤرپنه
نولا، من آنادان لال دوغولایدیم.
دیلینی بیر ایله اؤیرندیم... ناهاق!..
اؤز دیلیم اؤزومه كسیلیب یاغی.
بوتون اؤمروم بویو چالیشدیم، آنجاق
اؤیرنه بیلمدیم دانیشماماغی...
باشیما بلادیر منیم اؤز دیلیم،
دنیزم، اوزومه دوروب ساحلیم.
یئریمك اؤیرتدین توتوب علیمدن،
دولاشدیم آرانی، دولاشدیم داغی.
بالانا یئریمك اؤیردینجه سن،
گرك اؤیردیدین ییخیلماماغی...
فیكیرلر ییغیلیر بئینیمده قات-قات،
جاوابلار قورخولو، سواللار-یاساق.
حیاتی قانانا اؤگئیدیر حیات،
اونو قانمایانا دوغمادیر آنجاق.
منی اینجیدیرلر بزن قصد ایله،
ائرتهسی هر شئیی اونودورام من.
گیروه دوشنده ظالمه بئله
ظلم ائدیب، كام آلماق گلمیر علیمدن.
آنا، قودوزلاشیر حیات، ایلبیل،
دالاییر پوچ اولان اومیدلریمی.
نیه ایستی دئییل، مئهریبان دئییل
بو آمانسیز حیات قوجاغین كیمی؟..
هارداسان، آی آنا، بیر گل، من یئنه
بلالی باشیمی قویوم دیزینه.
منه ناغیل دانیش، دایانسین آنلار،
گؤروم، ناغیلداكی او قهرمانلار
جوتباشلی دیولری نه تهر ییخیر،
نه تهر گیزلنیب، تیلسیمدن چیخیر.
بیر دانیش، هاردادیر، گؤروم سادت؟
بیزیم یوردوموزا او نیه گلمز؟
دانیش، دانیش گؤروم، ملیك محمد
زولمتدن ایشیغا نئجه چیخدی بس؟
دانیشما، آی آنام، دانیشما، كیری،
بئینیمه باتماییر بو افسانهلر.
دیولر گؤرموشم كی، ناغیل دیولری،
اونلارین یعنیندا تویوغا بنزر.
نادانلار گؤرموشم، اؤز یولونداكی
دیكه ائنیش دئییر، دوزه دیك دئییر.
تولكولر گؤرموشم، اؤز قولونداكی
دمیر زنجیرلره بیلرزیك دئییر.
آتاسینی سؤین، یادا باش این
رهبرلر گؤرموشم، قددار، آمانسیز.
تیكانا گول دئین، گوله كول دئین
قاریلار گؤرموشم دینسیز، ایمانسیز.
قولدورلار گؤرموشم، اؤزگه یئر دئییل،
یوردونو تالاییب، آسوده یاتمیش.
تاجیرلر گؤرموشم، سیموزر دئییل،
“مالادئس” سؤزونه وطنی ساتمیش.
دونیانی بیلندن، دویاندان بری
منیم گؤزلریمدن دوشوب حیات دا.
ناغیلدا گؤردوگوم قورخونج شئیلری،
حیاتدا گؤرموشم، آنام، حیاتدا.
یانوار، 1964 – مای، 1965