چهارشنبه 29 تیر 1390ده گؤنده ریلیب
بؤلوم | بختیار واهابزادهbəxtiyar vahabzadə       یازار :  ARAZ

 

VİCDAN XƏSTƏSİYIK

A vicdan əzabım, üsyan əzabım
                                 öldürmə məni.
                                Musa Yaqub

Musa, vicdanından əlhəzardasan
Bu ovqat necə də mənə tanışdır.
Bizim qəlbimizi ağrıdan vicdan
Umulan kəsləri ağrıtmamışdır.

Dünya bir bilməcə, dünya bir təzad
Arifin dərdi çox, bir qəmxarı yox.
İxtiyar sahibi - vicdandan azad,
Vicdan sahibinin ixtiyarı yox.

Qənimi olsa da əyri, düzlərin
Doğruluq dərsini keçmə oğruya.
Xalqı çalıb çapan qeyrətsizlərin
Vicdanı varmı ki, bir an ağrıya?

Millət öz dərdinə əsir oldusa
Bizim qismətimiz iztirab, ələm,
Mən də sənin kimi, əzizim Musa,
Vicdan əzabmdan xəstə düşmüşəm.

Vətən qarşısmda bilək bir kərə
Hamının danılmaz haqqı, borcu var.
Millətin düşdüyü bu zillətlərə
Mən də günahkaram, sən də günahkar.

Gah olur, gördüyüm bu zillətləri,
Şahidi olduğum müsibətləri
Görmək istəməyib gözümü yumdum,
Onun əlacını özgədən umdum.
Mümkünmü?..

Deyincə, qaraldı qanım
Məni ilan kimi sancdı vicdanım.
Vicdanm səsindən dəng oluram mən
Ağrılar içində qovruluram mən.
"Əlimdən nə gələr?" deyincə ağrı
Azalır, ağlım da haqq verir mənə,
Gözümü yumduğum haqsızlıqları
Vicdansa birbəbir göstərir mənə.

Vicdan saldı məni bax belə dərdə
Mən ondan qaçanda qaçdım özümdən.
İçimdə başlanan çəkişmələrdə
Gizlənpaç oynadım vicdanımla mən.

Vicdan yaxşı seçir əyridən düzü
Yaxşıdan yamanı, dostdan düşməni,
O qovdu, mən qaçdım, itidir gözü
Harda gizləndimsə, o tapdı məni.
Vicdanım zamana uymur ki, uymur,
Məni yaşamağa qoymur ki, qoymur.

Bizim içimizi belə göynədən
Bizi əldən salıb bizi qəhr edən
Haqqın öz səsidir, haqqın öz səsi,
Vicdan xəstəsiyik, vicdan xəstəsi.

Gözümüz önündə haqq çiliklənir
Haqqın qəbri üstə nahaq diklənir.
Bağırdıq: - Dayanın, haqq divanı var.
Gördük, eşitmədi kimsə bu səsi.
Hələ üstümüzə çirkab atdılar
Olduq bu millətin"dönük bəndəsi"

İllər gəlib keçdi, ömür gödəldi,
Baharı gözlədik, təqvimlə gəldi.
Təqvim baharmı neyləyirik biz?
Könül bağçamızı basdı ot, alaq.
Ömrümüz boyunca gözlədiyimiz
Səadət gülləri açmadı ancaq.

Zülmün məhvərinə dolanır zaman
Göydəki buludlar insan ahıdır.
Göydə aramasm Allahı insan
Hər kəsin vicdanı öz Allahıdır.

Ay Musa, özünü yorma boş yerə
İş ki belə gedir, nə gerçək, nə haqq?
Allahı qəlbində görməyənlərə
Vicdan kəlməsini necə anladaq?

11-13 iyul, 1999.

ویجدان خسته سیییك

 

آ ویجدان عذابیم، عصیان عذابیم

اؤلدورمه منی.

موسا یاقوب

 

موسا، ویجدانین‌دان الحذرداسان

بو اووقات نئجه ده منه تانیش‌دیر.

بیزیم قلبیمیزی آغری‌دان ویجدان

اومولان كس‌لری آغریتمامیش‌دیر.

 

دونیا بیر بیلمه‌جه، دونیا بیر تضاد

عاریفین دردی چوخ، بیر غمخاری یوخ.

ایختیار صاحبی - ویجدان‌دان آزاد،

ویجدان صاحبی‌نین ایختیاری یوخ.

 

قنیمی اولسا دا ایری، دوزلرین

دوغرولوق درسینی كئچمه اوغرویا.

خالقی چالیب چاپان قئیرت‌سیزلرین

ویجدانی وارمی كی، بیر آن آغرییا؟

 

میللت اؤز دردینه اسیر اولدوسا

بیزیم قیسمتیمیز ایضتیراب، الم،

من ده سنین كیمی، عزیزیم موسا،

ویجدان عذابم‌دان خسته دوشموشم.

 

وطن قارشیسمدا بیلك بیر كره

هامینین دانیلماز حاقی، بورجو وار.

میللتین دوشدوگو بو ذلت‌لره

من ده گوناهكارام، سن ده گوناهكار.

 

گاه اولور، گؤردوگوم بو ذلت‌لری،

شاهیدی اولدوغوم موسیبت‌لری

گؤرمك ایستمه‌ییب گؤزومو یومدوم،

اونون الاجینی اؤزگه‌دن اومدوم.

مومكونمو؟..

 

دئیینجه، قارالدی قانیم

منی ایلان كیمی سانجدی ویجدانیم.

ویجدانم سسین‌دن دنگ اولورام من

آغری‌لار ایچینده قوورولورام من.

"الیم‌دن نه گلر؟" دئیینجه آغری

آزالیر، عاقلیم دا حاق وئریر منه،

گؤزومو یومدوغوم حاق‌سیزلیق‌لاری

ویج‌دانسا بیرببیر گؤستریر منه.

 

ویج‌دان سالدی منی باخ بئله درده

من اوندان قاچاندا قاچدیم اؤزوم‌دن.

ایچیمده باش‌لانان چكیشمه‌لرده

گیزلنپاچ اوینادیم ویج‌دانیملا من.

 

ویجدان یاخشی سئچیر ایری‌دن دوزو

یاخشی‌دان یامانی، دوست‌دان دوشمنی،

او قوودو، من قاچدیم، ایتی‌دیر گؤزو

هاردا گیزلندیمسه، او تاپدی منی.

ویج‌دانیم زامانا اویمور كی، اویمور،

منی یاشاماغا قویمور كی، قویمور.

 

بیزیم ایچیمیزی بئله گؤینه‌دن

بیزی الدن سالیب بیزی قهر ائدن

حاقین اؤز سسی‌دیر، حاقین اؤز سسی،

ویجدان خسته سیییك، ویجدان خسته‌سی.

 

گؤزوموز اؤنونده حاق چیلیك‌لنیر

حاقین قبری اوسته ناحاق دیك‌لنیر.

باغیردیق: - دایانین، حاق دیوانی وار.

گؤردوك، ائشیتمه‌دی كیمسه بو سسی.

هله اوستوموزه چیركاب آتدی‌لار

اولدوق بو میللتین"دؤنوك بنده‌سی"

 

ایللر گلیب كئچدی، اؤمور گؤدلدی،

باهاری گؤزله دیك، تقویمله گلدی.

تقویم باهارمی نئیلییریك بیز؟

كؤنول باغچامیزی باسدی اوت، آلاق.

اؤمروموز بویونجا گؤزلدیگیمیز

سعادت گول‌له ری آچمادی آنجاق.

 

ظلمون محورینه دولانیر زامان

گؤی‌دكی بولودلار اینسان آهی‌دیر.

گؤیده آراما سه ن اللهی اینسان

هر كسین ویجدانی اؤز اللهی‌دیر.

 

آی موسا، اؤزونو یورما بوش یئره

ایش كی بئله گئدیر، نه گئرچك، نه حاق؟

اللهی قلبینده گؤرمه‌ین‌لره

ویجدان كلمه‌سینی نئجه آنلاداق؟

 

11-13 یول، 1999.