سه شنبه 14 تیر 1390ده گؤنده ریلیب
بؤلوم | شهریارŞƏHRYAR       یازار :  ARAZ

 

 

Heydər babaya bir salam

1 *Heydər Baba, ildırımlar şaxanda,
Sellər, sular şakqıldıyup axanda,
Gızlar ona səf bağlıyup baxanda,
Səlām olsun şovkətüzə elüzə,
Mənim də bir adım gəlsün dilüzə.

2 Heydər Baba, kəhlik'lərün uçanda,
Kol dibinnən dovşan galxup gaçanda,
Baxçalarun çiçək'lənüp açanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmıyan ürək'ləri şad elə.

3 Bayram yeli çardaxları yıxanda,
*
Novruz güli, *gar çiçəği çıxanda,
Ağ bulutlar köynək'lərin sıxanda,
Bizdən də bir yad eliyən sağ olsun,
Dərdlərimiz goy dikkəlsün dağ olsun.

4 Heydər Baba, gün daluvı dağlasın,
Üzün gülsün, bulaxlarun ağlasın,
Uşaxlarun bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

5 Heydər Baba, sənün üzün ağ olsun,
Dört bir yanun bulağ olsun bağ olsun,
Bizdən sora sənün başun sağ olsun,
Dünya gazov-qədər ölüm itimdi,
Dünya boyı oğulsuzdı, yetimdi.

6 Heydər Baba, yolum sənnən kəc oldı,
Ömrüm geçdi, gələmmədim gec oldı,
Heç bilmədim gözəllərün nec' oldı.
Bilməzidim döngələr var, dönüm var,
İtginlik' var, ayrılıq var, ölüm var.

7 Heydər Baba, iğit əmək' itirməz,
Ömür geçər, əfsus bərə bitirməz,
Nāmərd olan ömri başa yetirməz.
Biz də vallah unutmarıq sizləri,
Görəmməsək' həlal edün bizləri.

8 Heydər Baba *Mir Əjdər səslənəndə,
Kənd içinə səsdən küydən düşəndə,
*
Āşıq Rüstəm sazın dilləndirəndə,
Yadundadı nə hövləsək' gaçardım,
Guşlar təkin ganad çalup uçardım.

9 *Şəngülava yurdı, *āşıq alması;
Gāh da gedüp orda gonaq galması,
Daş atması, alma, heyva salması,
Galup şirin yuxı kimin yadımda,
Əsər goyup ruhumda, hər zadımda.

10 Heydər Baba, *Gurı Gölün gazları,
Gədik'lərün sazax çalan sazları,
Kət kövşənin payızları, yazları,
Bir sinəma pərdəsidir gözümdə,
Tək' oturup səyr edərəm özümdə.

11 Heydər Baba, Qərə Çimən cadası,
Çovuşların gələr səsi, sədası,
Kərbəliya gedənlərin qadası,
Düşsün bu ac yolsuzların gözinə,
Təməddünün uydux yalan sözinə.

12 Heydər Baba, şəytan bizi azdırıp,
Məhəbbəti ürək'lərdən gazdırıp,
Qara günün sərnəviştin yazdırıp,
Salup xəlqi birbirinün canına,
Barışığı bələşdirüp ganına.

13 Göz yaşına baxan olsa gan axmaz,
İnsan olan xəncər belinə taxmaz,
Amma heyif kör tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadur,
*
Zilhiccəmiz *məhərrəm olmaqdadur.

14 Xəzan yeli yarpaxları tökəndə,
Bulut dağdan yenüp kəndə çökəndə,
*
Şəyxəlislām gözəl səsin çəkəndə,
Nisgilli söz ürək'lərə dəyərdi,
Ağaşlar da Allaha baş əyərdi.

15 *Daşlı Bulax daş gumınan dolmasın,
Baxçaları saralmasın solmasın,
Ordan geçən atlı susuz olmasın,
Deynə bulax xeyrün olsun axarsan,
Üfüqlərə xumar xumar baxarsan.

16 Heydər Baba dağın daşın sərəsi,
Kəhlik' oxur dalısında fərəsi,
Guzuların ağı, bozı, qərəsi..
Bir gedeydim dağ dərələr uzunı,
Oxuyeydim *
çoban qeytər guzunı

17 Heydər Baba, Sulu Yerin düzündə,
Bulax qeynər çay çimənin gözündə,
*
Bulağ otı üzər suyun üzündə,
Gözəl guşlar ordan gəlüp geçəllər,
Xəlvətliyüp bulaxdan su içəllər.

18 Biçin üsti sünbül biçən oraxlar,
Eylə bil ki zülfi darar daraxlar,
Şikārçılar bildirçini soraxlar,
Biçinçilər ayranların içəllər,
Bir huşlanıp sondan durup biçəllər.

*19 Heydər Baba kəndin güni batanda,
Uşaxlarun şamın yiyüp yatanda,
Ay bulutdan çıxup gaş göz atanda,
Bizdən də bir sən olara gıssə de,
Gıssəmizdə çoxlu qəm u gussə de!

*20 Garı nənə gecə nağıl diyəndə,
Külək' galxup gap bacanı döyəndə,
Gurd geçinin şəngülisin yiyəndə,
Mən gayıdup bir də uşağ oleydim,
Bir gül açup ondan sora soleydim.

21 Əmmə Can'ın bal *bəlləsin yiyərdim,
Sondan durup üs donumı giyərdim,
Baxçalarda tiringini diyərdim,
Ay özümi o əzdirən günlərim,
Ağaç minüp at gəzdirən günlərim.

22 Həçi xala çayda paltar yuvardı,
Məmməd Sadıq damlarını suvardu,
Heç bilməzdik' dağdı, daşdı, duvardı,
Hər yan gəldi şıllağ atup aşardıq,
Allah nə xoş qəmsiz qəmsiz yaşardıq.

23 Şəyxəlislām *münacatı diyərdi,
*
Məşəd Rəhim ləbbādəni giyərdi,
*
Məşdācəli bozbaşları yiyərdi,
Biz xoşuduq, xeyrat olsun, toy olsun,
Fərq eləməz hər nolacaq qoy olsun.

24 *Məlik' Niyaz vərəndilin salardı,
Atın çapup qeygacıdan çalardı,
Qırgı təkin gədik' başın alardı,
Dolayıya qızlar açup pəncərə,
Pəncərələrdə nə gözəl mənzərə.

25 Heydər Baba kəndin toyun tutanda,
*
Gız gəlinlər həna, piltə satanda,
*Bəy gəlinə damnan alma atanda,
Mənim də o gızlarında gözüm var,
Āşıxların sazlarında sözüm var.

26 Heydər Baba bulaxların *yarpuzı,
Bostanların gülbəsəri, garpuzı,
Çərçilərin ağ nəbatı, sakgızı,
İndi də var damağımda dad verər,
İtgin gedən günlərimdən yad verər.

*27 Bayramıdı, gecə guşı oxurdı,
Adaxlı gız bəy corabın toxurdı,
Hərkəs şalın bir bacadan soxurdı.
Ay nə gözəl gaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

*28 Şal istədim mən də övdə ağladım,
Bir şal alup tez belimə bağladım,
Gulam gilə gaşdım şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan Nənəmi yada salup ağladı..

29 Heydər Baba *Mirzəmmədin baxçası,
Baxçaların turşa, şirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.

30 Bayram olup gızıl palçıq əzəllər,
Nakqış vurup otaqları bəzəllər,
Taxçalarda düzmələri düzəllər,
Gız gəlinin *
fındıqçası, hənası,
Həvəslənər anası, gaynanası.

31 *Bakiçınun sözi, sovı, kāğızı,
İnək'lərün *
bulaması, ağızı,
*
Çərşənbənin girdəkānı, mövizi,
*Gızlar diyər atıl matıl çərşənbə,
Ayna təkin bəxtim açıl çərşənbə.

32 Yumurtanı göyçək' gülli boyardıq,
Çakgışdırup sınanların soyardıq,
Oynamaqdan bircə məğər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruz güli dərərdi.

33 Novruz Əli xərməndə vəl sürərdi,
Gāhdan yenüp küləşləri kürərdi.
Dağdan da bir çoban iti hürərdi.
Onda gördün ulax ayax saxladı,
Dağa baxup gulaxların şaxladı.

*34 Axşam başı naxırılan gələndə,
Goduxları çəküp vurardıq bəndə,
Naxır geçüp gedüp yetəndə kəndə,
Heyvanları çılpaq minüp govardıq,
Söz çıxseydi sinə gərip sovardıq.

35 Yaz gecəsi çayda sular şarıldar,
Daş gayalar seldə aşup xarıldar,
Garanlıxda gurdun gözi parıldar,
İtlər gördün gurdı seçüp ulaşdı,
Gurd da gördüm galxup gədik'dən aşdı.

36 Gış gecəsi tövlələrün otağı,
Kətlilərün oturağı, yatağı,
Buxarıda yanar otun yanağı,
Şəbçərəsi, girdəkānı, iydəsi,
Kəndi basar gülüp danışmaq səsi.

37 *Şüca xaloğlınun Baki sovqəti,
Damda guran samavarı söhbəti,
Yadımdadı, şəsli qəddi, qāməti,
Cünəmməğün toyı döndi yas oldı,
*
Nənə Gızın bəxt aynası kās oldı.

38 Heydər Baba, Nənə Gızın gözləri,
*
Rəxşəndənin şirin şirin sözləri,
Türki dedim oxusunlar özləri,
Bilsinnər ki adam gedər, ad galar,
Yaxşı pisdən ağızda bir dad galar.

*39 Yaz gabağı gün güneyi dövəndə,
Kənd uşağı gar gülləsin sövəndə,
Kürək'çilər dağda kürək' züvəndə,
Mənim rūhum eylə bilün ordadur,
Kəhlik' kimin batup galup gardadur.

40 *Garı Nənə uzadanda işini,
Gün bulutda əyirərdi *teşini,
Gurd gocalup çəkdirəndə dişini,
Süri galxup dolayıdan aşardı,
Baydaların süti aşup daşardı.

*41 Xəccə Sultan əmmə dişin gısardı,
Molla Bağır əmoğlı tez mısardı,
Təndir yanup tüssi övi basardı,
Çaydanımız ərsin üstə gaynardı,
Govurgamız sac içində oynardı.

42 Bostan pozup gətirirdik' aşağı,
Doldırırdıq övdə taxta tabağı,
Təndirlərdə pişirirdıq gabağı,
Özün yiyüp toxumların çıtdardıq,
Çox yemək'dən lap az gala çatdardıq.

43 *Vərziğannan armut satan gələndə,
Uşaxlarun səsi düşərdi kəndə,
Biz də bu yannan eşidüp biləndə,
Şıllağ atup bir gışqırıq salardıq,
Buğda verip armutlardan alardıq.

44 *Mirza Tağıynan gecə getdik' çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən işıq düşdi otay baxçaya,
Ey vay dedik' gurddı, qəyitdik' gaşdıq,
Heç bilmədik' nə vaqt küllük'dən aşdıq.

45 Heydər Baba, ağaçlarun ucaldı,
Amma heyif cəvanlarun gocaldı,
Toxlılarun arıxlıyup acaldı,
Kölgə döndi, gün batdı, gaş qərəldi,
Qurdun gözi qaranlıqda bərəldi.

46 Eşitmişəm yanur Allah çırağı,
Dāyir olup məscidizün bulağı,
Rahat olup kəndün evi uşağı,
*
Mənsur Xanın əli golı var olsun,
Harda galsa Allah ona yar olsun.

47 Heydər Baba *Moll' İbrahim var, ya yox? / Mək'təb açar, oxur uşaqlar, ya yox?
Xərmən üsti mək'təbi bağlar, ya yox?
Məndən axunda yetirərsən səlām.
Ədəbli bir səlām-ı mā lā-kəlām.

*48 Xəccə Sultan əmmə gedüp Təbrizə,
Amma nə Təbriz ki gələmmir bizə,
Balam durun qoyax gedax emmizə,
Ağa öldi tufağımız dağıldı,
Goyun olan yad gedübən sağıldı.

49 Heydər Baba dünya yalan dünyadı,
Süləymannan, Nuhdan galan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsiyə hər nə verüp alupdı,
Əflatunnan bir gurı ad galupdı.

50 Heydər Baba yār u yoldaş döndilər,
Bir bir məni çöldə goyub çöndilər,
Çeşmələrim, çıraxlarım söndilər,
Yaman yerdə gün döndi, axşam oldı,
Dünya mənə xərābə-i Şam oldı.

51 Əmoğlıynan gedən gecə *Gıpçağa,
Ay ki çıxdı atlar gəldi oynağa,
Dırmaşırdıq dağdan aşırdıq dağa,
*
Məşməmi Xan göy atını oynatdı,
Tüfəngini aşırdı, sakqıldatdı.

52 Heydər Baba *Qərə Gölün dərəsi,
*
Huşgənabın yolı, bəndi, bərəsi,
Orda düşər çil kəhliğün fərəsi,
Ordan geçər yurdumuzun özinə,
Biz də geçək' yurdumuzun sözinə
.

53 Huşgənabı yaman günə kim salup?
*
Seyidlərdən kim gırılup, kim galup?
*
Āmir Gafar dam daşını kim alup?
Bulax ginə gəlüp göli doldırur?
Ya gurıyup baxçaları soldırur?

54 Āmir Gafar seyidlərün tacıydı,
Şahlar şikār etməsi qeygacıydı,
Mərdə şirin, nāmərdə çox acıydı,
Məzlumların həqqi üstə əsərdi,
Zalimləri gılış təkin kəsərdi.

55 *Mir Mustafa Dayı uca boy baba,
Heykəlli sakgallı Tolıstoy baba,
Eyləyərdi yas məclisini toy baba,
Huşgənabun abırusı ərdəmi,
Məscidlərün məclislərün görkəmi.

56 *Məsdüssādat gülərdi bağlar kimi,
Gūruldardı bulutlı dağlar kimi,
Söz ağzında ərirdi yağlar kimi,
Alnı açıq, yaxşı dərin ganardı,
Yaşıl gözlər çırağ təkin yanardı.

*57 Mənim atam süfrəli bir kişiydi,
El əlindən dutmağ onun işiydi,
Gözəllərin āxirə galmışıydı,
Onnan sora dönərgələr dönüplər,
Məhəbbətün çıraxları sönüplər.

58 *Mir Sālihin dəlisavlığ etməsi,
*
Mir Əzizin şirin *şaxsey getməsi,
*
Mir Məmmədin gurulması bitməsi,
İndi desək' əhvalatdı, nağıldı,
Geçdi, getdi, itdi, batdı, dağıldı.

59 *Mir Əbdülün aynada gaş yaxması,
Cöcilərindən gaşınun axması,
Boylanması, dam duvardan baxması,
*
Şah Abbasın dürbüni, yādəş bəxəyr,
Huşgənabın xoş güni, yādəş bəxəyr.

60 *Sitar' əmmə nəzik'ləri yapardı,
*
Mir Qādir də hər dəm birin gapardı,
Gapup yiyüp dayça təkin çapardı,
Gülməliydi onun nəzik' gappası,
Əmməmin də ərsininün şappası.

61 Heydər Baba *Āmir Heydər neyniyür?
Yəqin ginə samavarı qeyniyür,
Day gocalup alt əngiynən çeyniyür,
Gulax batup, gözi girüp gaşına,
Yazığ əmmə *
hava gəlüp başına.

62 *Xanım əmmə, *Mir Əbdülün sözini,
Eşidəndə əyər ağzı gözini,
*
Məlkāmıda verər onun özini,
Dāvaların şuxluğılan gatallar,
Əti yiyüp başı atup yatallar.

63 *Fizzə Xanım Huşgənabın güliydi,
*
Āmir Yəhya əmgızınun qulıydı,
*
Ruxsārə artist idi sövgüliydi,
*
Seyid Hüsəyn Mir Sālihi yansılar,
*
Āmir Cəfər qeyrətlidür gan salar.

64 Səhər tezdən naxırçılar gələrdi,
Goyun guzı dam bacada mələrdi,
*
Əmmə Canım körpələrin bələrdi,
Təndirlərin gavsanardı tüssisi,
Çörək'lərin gözəl iyi, issisi.

65 Gövərçinlər dəstə galxup uçallar,
Gün saçanda gızıl pərdə açallar,
Gızıl pərdə açıp yığup gaçallar,
Gün ucalup artar dağın cəlālı,
Təbiətin cəvanlanar cəmālı.

66 Heydər Baba garlı dağlar aşanda,
Gecə kərvan yolun azup çaşanda,
Mən hardasam, Təhranda ya Kāşanda,
Uzaqlardan gözüm seçər onları,
Hiyal gəlüp aşup geçər onları.

67 Bir çıxeydim *Dam Qəyənin daşına,
Bir baxeydim geçmişinə, yaşına,
Bir göreydim nələr gəlmiş başına,
Mən də onun garlarıylan ağlardım,
Gış donduran ürək'ləri dağlardım.

68 Heydər Baba, gül gonçəsi xəndandı,
Amma heyif, ürək' qəzası gandı,
Zindəgānlıq bir garanlıq zindandı,
Bu zindanun dəriçəsin açan yox,
Bu darlıqdan bir gurtulup gaçan yox.

69 Heydər Baba göylər bütün dumandı,
Günlərimiz birbirindən yamandı,
Birbirüzdən ayrılmayun amandı,
Yaxşılığı əlimizdən aluplar,
Yaxşı bizi yaman günə saluplar.

70 Bir soruşun bu gargınmış fələk'dən,
Nə istiyür bu gurduğı kələk'dən,
Deynə geçirt ulduzları ələk'dən,
Goy tökülsün bu yer yüzi dağılsın.
Bu şəytanlıq gurgusı bir yığılsın.

71 Bir uçeydim bu çırpınan yelinən,
Bağlaşeydim dağdan aşan selinən,
Ağlaşeydim uzaq düşən elinən,
Bir göreydim ayrılığı kim saldı,
Ölkəmizdə kim gırıldı, kim galdı.

72 Mən sənün tək' dağa saldım nəfəsi,
Sən də qeytər göylərə sal bu səsi,
Bayguşun da dar olmasın qəfəsi,
Burda bir şer darda galup bağırır.
Mürüvvətsiz insanları çağırır.

73 Heydər Baba, qeyrət ganun gaynarkən,
Qərə guşlar sənnən qopup qalxarkən,
O sıldırım daşlarınnan oynarkən,
Gavzan mənim himmətimi orda gör,
Ordan əyil, qāmətimi darda gör.

*74 Heydər Baba, gecə durna geçəndə,
Köroğlınun gözi gara seçəndə,
Gır atını minüp kəsüp biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Əyvəz gəlüp çatmayuncan yatmaram.

75 Heydər Baba, mərd oğullar doğqinan,
Nāmərdlərin burunların ovginan,
Gədik'lərdə gurdları dut boğginan,
Goy guzılar ayın şayın otlasın,
Goyunların guyruqların gatlasın.

76 Heydər Baba, sənün göğlün şad olsun,
Dünya varkən ağzun dolı dad olsun,
Sənnən geçən tanış olsun yad olsun,
Deynə mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstinə qəm galar.

II Hissə

1 Heydər Baba, gəldim səni yoxlıyam,
Bir də yatam gucağunda yuxlıyam,
Ömri govam, bəlkə burda haxlıyam,
Uşaqlığa diyəm bizə gəlsin bir,
Aydın günlər ağlar yüzə gülsün bir.

2 Heydər Baba, çək'dün məni gətirdün,
Yurdumuza yuvamıza yetirdün,
Yusufuvı uşağ ikən itirdün,
Goca Yə'gub, itmişsəm də tapupsan,
Govalıyup gurd ağzınnan gapupsan.

3 Gedənlərin yeri burda, görünür,
Xanım Nənəm ağ kəfənin bürünür,
Dalımcadur, hara gedəm sürünür:
Bala gəldün? Niyə belə gej gəldün?
Səbrim sənnən güləşdi sən güj gəldün.

4 Mən gördüğüm kərvan çatup köçüpdi,
Ayrılığın şərbətini içipdi,
Ömrümüzün köçi burdan geçipdi,
Geçip gedip gedər gəlməz yollara,
Tozı gonup bu daşlara kollara.

5 Burda şirin xātirələr yatuplar,
Daşlarılan başı başa çatuplar,
Aşnalığın daşın bizdən atuplar,
Mən baxanda gavzanıllar baxıllar,
Bir də yatup yandırıllar yaxıllar.

6 Qəbiləmiz burda gurup ocağı,
İndi olmuş gurd guşlarun yatağı,
Gün batanda sönər bütün çırağı,
Və bəldətin ləysə ləhā ənīsü,
İlla'l-yə'āfīrü və illa'l-'īsü.

7 Zaman geçir üfüqlərdə toz galır,
Kərvan kimi uzaqlarda toz salır,
Duman gəlir yürək'ləri çulgalır,
Yürək' diyir zaman geçmə, aman dur,
Geçənlərdə gözüm var, bir dayan, dur.

8 Rüzigārın dəğirmanı fırlanır,
Məxlug onun dişlərinə tullanır,
Bax ki ginə bəşər neçə allanır,
Həmişə līk şadlıq umur özinə,
Qəbri görür, toz gondurmur yüzinə.

9 Köhnələrin sür sümüği dartılup,
Gurtulanun çul çuxası yırtılup,
Moll' İbrahim lap əriyüp gurtulup
Şəyxəlislām səhman galup gıbraqdı,
Novruz əli gaçaq geçip goçaqdı.

10 Ahıllarun yetmiş kəfən çürüdüp,
Cahılları dünya qəmi kiridüp,
Gız gəlinlər ət canları əridüp,
Rəxşəndənin nəvə dutur əlini,
Nənə Gızın kürəkəni, gəlini.

11 Çox şükri var, ginə gəldux görüşdux,
İtənlərdən bitənlərdən soruşdux,
Küsmüşdux da Allah goysa barışdux,
Bir də görüş gısmət ola, olmıya,
Ömürlərdə fürsət ola, olmıya.

12 Burda xiyal məydanları genişdi,
Dağlar daşlar bütün mənlə tanışdı,
Görcək məni Heydər Baba danışdı:
Bu nə səsdür sən āləmə salupsan,
Gəl bir görək', özün harda galupsan.

13 Kəcāvəylə bu çaydan çox gəçmişik',
Bu çeşmələrdən nə sular içmişik',
Bu yoncalıqlarda kəsüp biçmişik',
Çəpişləri g ıdıqlıyan günlərim,
Çəpiş kimi oynaqlıyan günlərim.

14 Bu xərməndə "aradan xəyr" oynardıq,
Cumalaşup garışga tək' gaynardıq,
Yavaş yavaş baxçalara ağnardıq,
Ağaçlardan "çəling agaç" kəsərdik',
Goruqcunun gorxusundan əsərdik'.

15 Bu tövlədə sarı inək' doğardı,
Xanum Nənəm inək'ləri sağardı,
Ana iysi dam duvardan yağardı,
Mən bizovı gucaqlardım gaşmasın,
Diyərdi bax bayda dolsın daşmasın.

16 Bu damlarda çoxlı "cızıq" atmışam,
Uşaqların aşıqların utmışam,
Gurguşumlı səkqa alup satmışam,
Uşaq necə heç zadınan şad olar,
İndi bizim qəmi dutmur dünyalar.

17 Mək'təb galır, uşaqlar dərs alıllar,
Həy yazıllar, həy pozıllar, yalıllar,
Moll' İbrahim özi evi galıllar,
Amma bizim yoldaşlardan qalan yox,
Bunlardan bir bizi yada salan yox.

18 Bir vəxtində bu mək'təb pərgār idi,
Bir Müsəyyib, bir Məmdəsən var idi,
Biri xəlfə, biri vərzişkār idi,
Axud bizlə oynamağa gedərdi,
Özi bizə oynamağ örgədərdi.

19 Dedim balam o Məmdəsən nolupdı,
Mə'lum oldı tifil cəvan ölüpdi,
Nə var nə var, burnunnan gan gəlüpdi,
Bir yel əsir baxırsan Məmdəsən yox,
Bu kətdə bir burun ganın kəsən yox.

20 Dedim deyün Müsəyyibə nə gəldi,
Qulam gördüm ağlar gözilə güldi,
Dedi o da bahalıq düşdi öldi,
Dedim yazıq bizlə hasıl bölənlər,
Bitimində acılarınnan ölənlər.

21 Bu mək'təbdə şə'rin şəhdin dadmışam,
Axundun ağzından gapup udmuşam,
Gāhdan da bir axundı alladmışam,
Başım ağrır diyüp gaçup getmişəm,
Baxçalarda gedüp gözdən itmişəm.

22 Azad olanda mək'təbdən çıxardıq,
Hücum verüp biribirin sıxardıq,
Yolda hər nə gəldi vurup yıxardıq,
Uşaq demə ipin gırmış dana de,
Bir dana da demə, əlli dana de.

23 Məlik' Niyaz itgin gedüp yox olup,
Əmir Aslan sək'tə ilə yıxılup,
Hərə gaçup bir dərədə sıxılup,
Çörək' qəmi çıxup xəlqin ayına,
Hər kəs galup öz canının hayına.

24 Kətdi yazıq çıraq tappır yandıra,
Görüm sizün bərqüz galsın andıra
Kim bu sözi ərbablara gandıra,
Nədür axır bu millətin günahı,
Dutsun sizi görüm məzlumlar ahı.

25 Hər nə alır baha verir gıyməti,
Ucuz fəqət əkinçinün zəhməti,
Bitəndən artıq biçənin ücrəti,
Kənd uşağı gedir yolda işliyə,
Orda bəlkə qəndi tapa dişliyə.

26 Kətdi gəlin kimi dünyanı bəzər,
Öz ovrəti yamaq yamağa düzər,
İğnə bəzər xəlqi özi lüt gəzər,
İndi də var çərşabları albaqdı,
Uşaqlarun qış paçası çılpaqdı.

27 Bu baxçada aş tərəsi əkərdik',
Hey su açup kərdiyə göz tikərdik',
Çıxmaq həmin dərip aşa tökərdik',
Fıngılışlar gaşıqlardan aslanı,
Yağlı desəm gurı ağzun ıslanı.

28 Bu döşlərdə guzıları yayardıq,
Axmasunlar ulduz təkin sayardıq,
Guş govanı çəküp daşa dayardıq,
Guş govan da elə bil ki gabandı,
Gurd uzaqdan diyər bəs ki çobandı.

29 Xanım Nənəm naxoş olan ilidi,
Gış var ikən küləğidi, yelidi,
Gış da çıxdı yağışidi, selidi,
Yük' yapını hey çatırdux ki gedax,
Sel çımxırup məcburıdux qeyidax.

30 Neysan düşdi biz də düşduq yağışa,
Kim bacara sellərilə boğuşa,
Hey diyirduq bəlkə yağış yığışa,
Bala Kişi faytunçımız gəlmişdi,
İmamiyyə qəhvəsində galmışdı.

31 Bu zəmidə gedüp gözdən itərdik',
Tongal gurup sütülləri ütərdik',
Deyüp gülmək' muradına yetərdik',
El də gülsün muradına yetişsün,
Yürək'lərin yaraları bitişsün.

32 Xalvarçılar burda xalvar daşırdı,
Bu küllük'dən ulaqlar dırmaşırdı,
Sellər kimi ne'mət aşup daşırdı,
Hər iş diyeydün hər kimə görərdi,
Can dərmanı istiyeydün verərdi.

33 İndi bəşər ac gurd təkin uduxup,
Çömbələnti göz gıcırdup duruxup,
Baxıllar ki görsünnər kim sınıxup,
Tökülsünlər onun ləşin yırtsunlar,
Hərə bir diş ənsəsindən gırtsunlar.

34 Heydər Baba, səndə dəfīnələr var,
Dağlar vədīəsi, xəzīnələr var,
Amma sənə bənzər də sīnələr var,
Bu sīnələr dağlarilə danışur,
Dağlar kimi göylərilə konuşur.

35 Gör hardan mən sənə saldım nəfəsi,
Dedim qeytər sal āləmə bu səsi,
Sən də yaxşı sīmurg etdün məgəsi,
San ki ganad verdün yelə, nəsimə,
Hər tərəfdən səs verdilər səsimə.

36 Heydər Baba səni vətən bilimişdim,
Vətən deyüp baş götürüp gəlmişdim,
Səni görüp göz yaşımı silmişdim,
Halbuki lap qəmli gurbət səndeymiş,
Gara zindan, acı şərbət səndeymiş.

37 Kim galdı ki bizə buğun burmadı ,
Atdan atdan bizə kələk' gurmadı,
Bir mərd oğul bizə havar durmadı,
Şəytanları qucaqlıyup gəzdiz siz,
İnsanları əyaqlıyup əzdiz siz.

38 Duvar ucaldı gün bizə düşmədi,
Zindan garaldı göz gözi seşmədi,
Gündüz gözi mənim lampam geşmədi,
Sel də basdı emmiz dolup göl oldı,
Çox yazığın evi çönüp çöl oldı.

39 Əvvəl başı məndən istiqbal etdiz,
Sonnan çönüp işimdə ixlal etdiz,
Öz zənnüzcə ustadı iğfal etdiz,
Əybi yoxdur, geçər gedər, ömürdür,
Gış da çıxar, yüzi gara kömürdür.

40 Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim Həqqun irādəsiydi,
Məhəbbətün risālət və'dəsiydi,
Yoxsa məndə bir kəsilə qərəz yox,
Siyāsət adlı məndə bir mərəz yox.

41 Həq nə diyür, küfrə garşı getmeyüz,
Nurdan çıxup zülmat içrə itmeyüz,
Fırıldağa fırfıra tək bitmeyüz,
Gördüz də ki olmadı küfrin dibi,
Pul da versə almağa tikmiş cibi.

42 Şeytan bizim qıbləmizi çöndərip,
Allah diyən yoldan bizi döndərip,
İlanlı çeşməyə bizi göndərip,
Minnət goyur ki arxuvuz nəhr olup,
Biz görürük' sular bizə zəhr olup.

43 Heydər Baba, giləylıqdan nə çıxar,
Zülmün evin səbr ü təhəmmül yıxar,
Dərviş olan səbrün əlin bərk' sıxar,
Gəl qeyidaq çıxaq Ağa Düzinə,
Geçaq ginə məhəbbətin sözinə.

44 Deynə uşaq birbiriylə saz olsun,
Bəlkə bu g ış bir də çönüp yaz olsun,
Çay çimənlər ördək' olsun, gaz olsun,
Biz də baxup fərəhlənüp bir uçaq,
Sınıq salxaq ganadları bir açaq.

45 Bu baxçadan alçaları dərərdik',
Gış adına çıxup damda sərərdik',
Hey də çıxup yalannan çöndərərdik',
Gış zumarın yayda yiyüp doyardıq,
Bir külli də minnət xəlqə goyardıq.

46 Evlər galır ev sahibi yox özi,
Ocaqların ancaq işıldır közi,
Gedənlərin az çox galıpdur sözi,
Bizdən də bir söz galacaq, ay aman,
Kimlər bizdən söz salacaq, ay aman.

47 Bizdən sora kürsilərin tovında,
Kəndin nağıllarında söz sovında,
Gar'nənənin çaxmağında, govında,
Heydər Baba özin gatar sözlərə,
İşgi kimi xumar verər gözlərə.

48 Āşıq diyər bir nazlı yar varımış,
Əşqından odlanup yanar varımış,
Bir sazlı sözli Şəhriyar varımış,
Odlar sönüp onun odı sönmiyüp,
Fələk' çönüp onun çərxi çönmiyüp.

49 Heydər Baba, alçaqlarun köşg olsun,
Bizdən sora galanlara eşq olsun,
Geçmişlərün gələnlərə məşq olsun;
Ovladımız məzhəbini danmasun,
Hər içi boş sözlərə aldanmasun.