پنجشنبه 30 تیر 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

 

BURA QƏDƏRMIŞ

Bu dünyada əbədilik nə var ki,

Ömür kimi hər şey gəldi-gedərmiş,

Nə sevginin günahı var nə bizim

Bu sevginin ömrü bura qədərmiş.

Məcnun ahı,Leylinin göz yaşları

Nə biləydik əfsanəymiş,hədərmiş

Qəm eyləmə hər yolun bir sonu var

Bu sevginin ömrü bura qədərmiş

Gülə-gülə başlamışdıq bu eşqi

Axırında göz yaşıymış kədərmiş

Məhəbbətin payız fəsli var imiş

Bu sevginin ömrü bura qədərmiş

Ayrılırıq xatirələr içində,

Bu ayrılıq ölümdən də betərmiş

Təsəllimiz bu olacaq sevgilim,

Bu sevginin ömrü bura qədərmiş

NÜSRƏT KƏSƏMƏNLİ

بورا قدرمیش

بو دونیادا ابه‌دی‌لیك نه وار كی،

عؤمور كیمی هر شئی گلدی-گئدرمیش،

نه سئوگی‌نین گوناهی وار نه بیزیم

بو سئوگی‌نین عؤمرو بورا قدرمیش.

مجنون آهی،لئی‌لی‌نین گؤز یاش‌لاری

نه بیلیدیك افسانیمیش،هدرمیش

قم ائیلمه هر یولون بیر سونو وار

بو سئوگی‌نین عؤمرو بورا قدرمیش

گوله-گوله باشلامیشدیق بو عشقی

آخیریندا گؤز یاشییمیش كدرمیش

محببتین پاییز فص‌لی وار ایمیش

بو سئوگی‌نین عؤمرو بورا قدرمیش

آیریلیریق خاطره‌لر ایچینده،

بو آیری‌لیق اؤلوم‌دن ده بئترمیش

تسللیمیز بو اولا‌جاق سئوگیلیم،

بو سئوگی‌نین عؤمرو بورا قدرمیش

نوسرت كسمن‌لی