پنجشنبه 30 تیر 1390ده گؤنده ریلیب
بؤلوم | نصرت كسمنلیNÜSRƏT KƏSƏMƏNLİ       یازار :  ARAZ

 

Məhəbbətdən küsəndə...

Yazırıq sevgidən, yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz...

Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli, sözlər biçimli.
Çoxları diplomsuz mütəxəsisdir,
Eh, ürək aldatmaq bir su içimi...

Sevimmi?! Tərəddüd qət edə bilmir,
Bəzən itiririk inam, ümüdi.
Ürək var, duyğular fəth edə bilmir ,
Ürək var, həndəsi fiqur kimidir...

Bir qəlbə girəndə boyalı sözlər,
Görən öz sözünü ürək dedimi?!
Axtarır, axtarır, axtarır gözlər;
İşləyən bir saat kəfkiri kimi...

Təbəssümlər saxta, söz qiymətlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könüldən səxavətlidir,
Hər qıza bir könül bağışlayırlar...

Elə məhəbbətdən yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz...

Nüsret KESEMENLİ

محببت  كوسه نده

 

یازیریق سئوگیدن؛ یازیریق آنجاق
ائله سطیرلرده آلیشیریق بیز
محبت اولوبدور اویون- اویونجاق
هانسی محبتدن دانیشیریق بیز؟
اودلارا قالانماق اوته ری حیسدیر
كلمه لر بیچیملی؛ سوزلر بیچیملی...
چوخلاری دیپلوم سوز متخصصدیر!
ائه؛ اوره ك آلداتماق بیر سو ایچیمی
سئویم می؟! ترددود قطع ائده بیلمیر
بعضا ایتیریریك اینام؛ اومیدی
اوره ك وار دویغولار فتح ائده بیلمیر
اوره ك وار هیندیسی فیقور كیمی دیر
بیر قلبه گیرنده بویالی سوزلر
گورن اوز سوزونو اوره ك دئدی می؟!
آختاریر؛ آختاریر؛ آختاریر گوزلر
ایشله ین بیر ساعات كفكیری كیمی.
تبسوملر ساختا سوز قیمتلیدیر
یالانی یالانا آلقیشلاییرلار
چوخلاری كونولدن سخاوتلیدیر
هر قیزا بیر كونول باغیشلاییرلار
یازیریق سئوگیدن؛ یازیریق آنجاق
ائله سطیرلرده آلیشیریق بیز
محبت اولوبدور اویون- اویونجاق
هانسی محبتدن دانیشیریق بیز؟

نصرت كسمنلی