Niyə gəldin...
Niyə gəldin, axı,
Səni mən çağırmamışdım.
Özün gəlmişdin,
qara bir sevda kimi,
Ürəyimin əkin yerinə
quş dimdiyindən düşən buğda kimi
Cücərməyəydin gərək,
həsrətinlə baş – başa qalacaqdımsa,
Gözləyə - gözləyə heykəl kimi donacaqdımsa,
heç gəlməyəydin gərək...
Duru gölə daş atıb
bulandırma demişdim.
Yaşım da o yaş deyil,
dolandırma demişdim.
Ümidimi qatiltək
öldürməyəydin gərək,
Şamın son şöləsini
söndürməyəydin gərək,
Niyə gəldin sən, axı,
Heç gəlməyəydin gərək...
Bir quş yuvası kimi
ürəyim boş qalıbdı.
Sənə kim bağışlayar
bu çəkilməz günahı?!
Niyə gəldin sən, axı...
N. Kəsəmənli
نیه گلدین...
نیه گلدین، آخی،
سنی من چاغیرمامیشدیم.
اؤزون گلمیشدین،
قارا بیر سئودا كیمی،
اورییمین اكین یئرینه
قوش دیمدیگیندن دوشن بوغدا كیمی
جوجرمییدین گرك،
حسرتینله باش – باشا قالاجاقدیمسا،
گؤزلهیه - گؤزلهیه هیكل كیمی دوناجاقدیمسا،
هئچ گلمییدین گرك...
دورو گؤله داش آتیب
بولاندیرما دئمیشدیم.
یاشیم دا او یاش دئییل،
دولاندیرما دئمیشدیم.
اومیدیمی قاتیلتك
اؤلدورمییدین گرك،
شامین سون شؤلهسینی
سؤندورمییدین گرك،
نیه گلدین سن، آخی،
هئچ گلمییدین گرك...
بیر قوش یوواسی كیمی
اورییم بوش قالیبدی.
سنه كیم باغیشلایار
بو چكیلمز گوناهی؟!
نیه گلدین سن، آخی...
ن. كسمنلی