دوشنبه 31 مرداد 1390ده گؤنده ریلیب
بؤلوم | میرزه علی اكبر صابیر MİRZƏƏLƏKBƏR       یازار :  ARAZ

Ağlaşma

Nə rəvadır əğniyalar baxa ac qalana, ya rəb!
Bu nə söz ki, ac qalana oluna iana, ya rəb!

Çıxa canı ac qalanın gözünün bəbəklərindən,
gedib işləsin, qazansın əlinin əməklərindən,
nədir əğniyaya xeyri oların yeməklərindən?
Yeməyib acından ölsə dəxi xoş bəhana, ya rəb!

Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!
Nəyimə gərək ki. Yeksər qırılıb ölür də millət?
Yaradan xudayi-raziq edəcək özü kəfalət,
nə rəva baxam fəqirə, ürəyim bulana, ya rəb!

Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə bir iş olmamış hey verilir səda sədayə
ki, gərək kömək olunsun füqərayi-binəvayə....
Elə puldu göndərilsin о yana-bu yana, ya rəb!

Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan!
İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?
Onu vermək olmur axır hər ölən-qalana, ya rəb!

Füqəralar əğniyanın tanısın neçin yaxasın?
Əgər acdı qarnı satsın papağın, çulun-çuxasın;
edər əğniya da başqa işə dair öz səxasın,
məgər azdı bəzlü bəxşi filanü filana, ya rəb!

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin gör əğniyanın, yeri varsa sonra danna!
Pulunu fəqirə versin, bəs acından ölsün anna?
O məgər ki, xansənəmdir, qapılar dolana, ya rəb!

Mirzə ələkbər sabir

آغلاشما

نه روادیر اغنییالار باخا آج قالانا، یا رب!

بو نه سؤز كی، آج قالانا اولونا ایانا، یا رب!

چیخا جانی آج قالانین گؤزونون ببكلریندن،

گئدیب ایشله سین، قازانسین الی نین امكلریندن،

ندیر اغنییایا خئیری اولارین یئمكلریندن؟

یئمه ییب آجیندان اؤلسه دخی خوش بهانا، یا رب!

منه بویله-بویله ایشده دئمگین سؤز، ائی جمات!

نییمه گرك كی. یئكسر قیریلیب اؤلور ده میلت؟

یارادان خودایی-راضیق ائده جك اؤزو كفالت،

نه روا باخام فقیره، اورگیم بولانا، یا رب!

بو قزئتچیلر دئییلمی كی، سالیب بیزی بلایه؟

ائله بیر ایش اولمامیش هئی وئریلیر سدا سدایه

كی، گرك كؤمك اولونسون فوقرایی-بینوایه....

ائله پولدو گؤندریلسین او یانا-بو یانا، یا رب!

سنه نه، ائوین ییخیلسین، فوقرا اوچون یانیرسان؟

آتان اوغلو قارداشیندیر، نه ده هیچ بیر تانیرسان!

ایكی گؤزلریمدی پولوم، كیشی، بیر مگر قانیرسان!؟

اونو وئرمك اولمور آخیر هر اؤلن-قالانا، یا رب!

فوقرالار اغنییانین تانیسین نئچین یاخاسین؟

اگر آجدی قارنی ساتسین پاپاغین، چولون-چوخاسین؛

ائدر اغنییا دا باشقا ایشه دایر اؤز سخاسین،

مگر آزدی بذلو بخشی فیلانو فیلانا، یا رب!

ائله هئی قزئت یازیرسان، كیشی، بیرجه مطلب آننا!

عملین گؤر اغنییانین، یئری وارسا سونرا داننا!

پولونو فقیره وئرسین، بس آجیندان اؤلسون آننا؟

او مگر كی، خانسنمدیر، قاپیلار دولانا، یا رب!

میرزه علی اكبر  سابیر