دوشنبه 27 تیر 1390ده گؤنده ریلیب
بؤلوم | بختیار واهابزادهbəxtiyar vahabzadə       یازار :  ARAZ

 

ETİQAD-İNAM
Bəxtiyar vahabzadə


Şübhədən inama yol tutmuşam mən,
Özümü özümdə unutmuşam mən.
Bilmirəm özümdə mən kiməm, nəyəm?
Özümə bir qulam, hakiməm, nəyəm?

Bəzən pislə yaxşı, uzaqla yaxın
qarışır,
Gözümdə dəyişir aləm.
Mələklə şeytanın, haqla nahaqqın
Savaş meydanına çevrilir sinəm.
İnamın önündə şübhəm baş əyir
İnama inamla getdiyim zaman.
Amma möcüzələr girə bilməyir
Ağlaman taybatay qapılarından.
Günəş sirr,
Ay da sirr,
Ulduzlar da sirr.
Nə vaxt açılacaq bu sirr düyünü?
Ağlın kiçikliyi qavraya bilmir
Xaliqin ölçüsüz böyüklüyünü.

Onda etiqadı dərhəl arxa cərgədən
Dərhal köməyimə çağırıram mən.
Beləcə gedirəm inama doğru.
Bilmirəm, inama gedən yolmu bu?

Suallar beynimi deşir günbəgün,
Özümə ən böyük sirrəm özüm də.
Qeyri-adiliklər bəlkə bununçün
Dönür möcüzəyə mənim gözümdə?

Elə yol gedirəm, yol uzun, yoxuş,
Son ucu görünmür gözə mənzilin
Çatdığım hər mənzil başlanğıcıymış
Getmək istədiyim təzə mənzilin.

6 iyul, 1993

اعتیقاد-اینام

بختیار واهاب‌زاده

 

شوبهه‌دن ایناما یول توتموشام من،

اؤزومو اؤزومده اونوتموشام من.

بیلمیرم اؤزومده من كیمم، نیم؟

اؤزومه بیر قولام، حاكمم، نیم؟

 

بزن پیسله یاخشی، اوزاقلا یاخین

قاریشیر،

گؤزومده دییشیر عالم.

ملكله شئیتانین، حاقلا ناهاققین

ساواش مئیدانینا چئوریلیر سینم.

اینامین اؤنونده شوبهم باش اییر

ایناما ایناملا گئتدیگیم زامان.

اما معجزه‌لر گیره بیلمییر

آغلامان تایباتای قاپی‌لارین‌دان.

گونش سیرر،

آی دا سیرر،

اولدوزلار دا سیرر.

نه واخت آچیلا‌جاق بو سیرر دوگونو؟

آغلین كیچیك‌لیگی قاورایا بیلمیر

خالیقین اؤلچوسوز بؤیوك‌لوگونو.

 

اوندا ائتیقادی درهل آرخا جرگه‌دن

درهال كمكیمه چاغیریرام من.

بئله‌جه گئدیرم ایناما دوغرو.

بیلمیرم، ایناما گئدن یولمو بو؟

 

سوال‌لار بئینیمی دئشیر گونبگون،

اؤزومه ان بؤیوك سیررم اؤزوم ده.

قئیری-آدی‌لیك‌لر بلكه بونونچون

دؤنور معجزه‌یه منیم گؤزومده؟

 

ائله یول گئدیرم، یول اوزون، یوخوش،

سون اوجو گؤرونمور گؤزه منزیلین

چاتدیغیم هر منزیل باشلانغیجییمیش

گئتمك ایستدیگیم تزه منزیلین.

 

6 یول، 1993