GÖR NECƏ GÜCLÜSƏN!..
Bəxtiyar vahabzadə
Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...
Gəzmək istəyirəm... sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!
Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.
Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...
Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.
Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
- Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
Sentyabr, 1967.
گؤر نئجه گوجلوسن!..
یاتماق ایستییرم...سنسیزلیگیمی
یوخو دنیزینده باتیرام دئیه.
یوخومسا كؤلگنی اؤز كؤلگم كیمی
ایزلییر، قیسقانیب سنی هر شئیه.
یوخوم قاچاق دوشوب مندن یان گزیر،
یوخوم كوچهلرده سرگردان گزیر.
هسرتین آسیلیب كیرپیكلریمدن.
یوخوم دا گلمیر كی، هئچ اولماسا من
ایتیریم، باتیریم سنی یوخومدا.
مندن وفالییمیش سنه یوخوم دا.
یوخوم قاچاق دوشوب یاتاممیرام من،
یوخوم قورخوب قاچیب فیكیرلریمدن...
II
گزمك ایستییرم... سنسیزلیگیمی
یوللاردا ایتیریم، اونودوم تامام.
هارا گئدیرمسه، خاطرن كیمی
آغیر بیر یوك ایله قارشیلاشیرام.
سنی ایتیرمیشم،
نئیلییم آنجاق
هر زامان، هر یئرده گؤرونور یئرین.
یوخ، دؤزه بیلمیرم،
درد اوندادیر كی،
اؤزوندن آغیردیر خاطرهلرین.
شیرین خاطرهلر بیر تیكان كیمی
یوللارا سپیلیب دستبدسته.
خاطرن تیكاندیر، جیزیر قلبیمی،
یوخلوغون دوز سپیر یارامین اوسته.
یادداشیم ائله بیر گونش كی، گون كی،
دوننی نور كیمی گؤرورم آیدین.
دئییرم، یادداشیم ائله اؤلسون كی،
منه دوننیمی خاتیرلاتماسین!
گولمك ایستییرم... اورییمدكی
هؤنكورتو سسینی باتیرماق اوچون.
بیلمیردیم، مهببت بیر جللاد تكی
منیم گولوشومو اؤلدورموش بوتون.
یاندیردی كؤنلومو بو سویوقلوغون،
وار ایكن، ساغ ایكن یوخ اولموشام من.
گؤر نئجه گوجلوسن، سنین یوخلوغون،
منیم وارلیغیمی آلدی علیمدن...
باشیمدا توفان وار، كؤنلومده چووغون،
آرزو دا، فیكیر ده قالدی یاریدا،
گؤر نئجه گوجلوسن،
سنین یوخلوغون
منه اؤگئی ائتدی دوغمالاری دا.
فرحیم، سئوینجیم دوننده قالدی،
دردیمده، قمیمده یاشارسان منیم.
- یوخلوغون گؤر نئجه قلبه چالدی،
بو گونوم اؤلودور،
یاشار دوننیم!
چالدیم اؤز كؤنلومو آیری سیمده من؛
ایلیشیب قالمیشام دوننیمده من.
سئنتیابر، 1967.